Naxçıvan Muxtar Respublikası

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 24-də Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılsın.
2. “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin.
3. Müəyyən edilsin ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Naxçıvan Muxtar Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə


QAYDASI


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Koronavirusla Mübarizəyə Dəstək Fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Fondun məqsədi Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasının (bundan sonra – koronavirus) yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
1.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyidir.
2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə:
2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
2.1.1. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin vəsaiti;
2.1.2. fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;
2.1.3. qanunla qadağan olunmayan digər mənbələr.
2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində xüsusi xəzinə hesabı açılır.
2.3. Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.
2.4. Fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən uzadıla bilər.
2.5. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.
2.6. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.
2.7. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:
2.7.1. tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);
2.7.2. xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;
2.7.3. nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;
2.7.4. tibb sahəsində mütəxəssislərin hazırlanmasına;
2.7.5. koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.
2.8. Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 24-də Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan 200000 (iki yüz min) manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılsın.
2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".