Naxçıvan Muxtar Respublikası

 
Fonda 5 milyon manata yaxın vəsait köçürülüb

2019-cu ilin sonlarından başlayaraq dünyada yayılmağa başlayan və 2020-ci ildə ölkəmizdə də aşkarlanan koronavirus pandemiyasına qarşı ölkə miqyasında olduğu kimi muxtar respublikada da kompleks qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə dövlət müəssisələrində, ticarət, turizm və ictimai iaşə sahələrində xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir.
Koronavirus pandemiyasının muxtar respublika iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, səhiyyə sahəsində verilən operativ qərarlarla da epidemiyanın təsirlərinin minimuma endirilməsinə nail olunmuşdur.
Həyata keçirilən tədbirlər sırasında ən əhəmiyyətli addımlardan biri də məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondudur.
Fondun yaradılmasından başlayaraq ictimaiyyətin həmrəyliyi və fəallığı nəticəsində könüllü ianələr köçürülmüş və Fondun vəsaitləri günü-gündən artmışdır.
Belə ki, ötən müddət ərzində 430 hüquqi və 564 fiziki şəxs tərəfindən köçürülən vəsaitlər hesabına Fonda ümumilikdə 4 milyon 992 min 871 manat vəsait toplanmışdır.
Hazırda Fonda fiziki və hüquqi şəxslər tərəfindən ianələrin köçürülməsi davam edir.